Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Tibb işçilərinin sertifikasiyası

Mən həkim-terapevtəm, sertifikasiya imtahanım 2026-cı ilin may ayına düşür. Yeni qəbul edilən Qərar mənə aid olunurmu? Akkreditasiya balı bu günə kimi toplamamışam. Əgər may 2026-ya qədər 50 bal toplasam, sertifikasiya imtahanından keçmədən şəhadətnamə ala bilə edəcəksinirəmmi?

Qərar qüvvəyə mindiyi tarixdən etibarən Azərbaycan Respublikası ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olmaq icazəsi olan bütün tibb işçilərinə tətbiq olunur. Əgər sertifikasiya şəhadətnamənizin etibarlılıq müddətinin bitməsinə 1  il qalıbsa, 2026-cı ilin may ayına qədər azı 50 kredit balı toplasanız, eyni zamanda son 5 il ərzində heç olmazsa bir dəfə ixtisasartırma kursunda iştirak etmisinizsə, həmin Qərar sizə  şamil olunacaq və siz Sertifikasiya Şəhadətnaməsini imtahan vermədən əldə edəcəksiniz.

Mənim sertifikatımın bitməsinə 2 il qalıb (20/07/2027), hər il üzrə 50 kredit balı toplamaqla (ümumi 100 bal) sertifikat ala bilərəm, yoxsa imtahanda iştirak etməliyəm.

Əgər sertifikatınızın etibarlılıq müddətinin bitməsinə iki il qalıbsa sertifikatın bitmə tarixinə qədər hər il üçün azı 50 bal olmaqla ümümilikdə  öz ixtisasınız üzrə 100 kredit balı topladığınız təqdirdə sertifikasiya imtahanında iştirak etmədən Şəhadətnamə əldə edə bilərsiniz. Lakin son beş il müddətində heç olmazsa bir dəfə öz ixtisasınız üzrə ixtisasartırma kursunda iştirakınız vacibdir.

Rezidenturanı bitirmiş, 2026 oktyabrda 5 ili tamam olacaq həkimlər üçün sertifikasiyadan keçmək üçün 5 ilə yığılan 250 bal qanunu keçərlidir?

Rezidenturanı bitirən həkimlər  5 (beş) il ərzində  öz ixtisasları üzrə hər il orta hesabla 50 bal olmaqla Davamlı peşəkar inkişaf üzrə 250 kredit balı toplayıbsa, sertifikasiya imtahanında iştirak etmədən Sertifikasiya Şəhadətnaməsini əldə edə bilərlər.  Tələb olunan şərtlər üzrə DPİ balı toplanılmayıbsa tibb işçisi öz ixtisası üzrə ixtisasartırma kursunu bitirdikdən sonra sertifikasiya imtahanına cəlb edilə bilər.

Qanunvericilikdə edilən dəyişiklik orta tibb heyəti üçün də tətbiq edilirmi? Yəni, bu dəyişiklik tibb bacıları, feldşer və digər orta tibb heyəti üçün də keçərlidirmi?

Qanunvericilikdə Davamlı Peşəkar İnkişaf ilə bağlı edilən dəyişikliklər orta tibb işçilərinə şamil olunur. Lakin hazırda orta tibb işçilərinin ixtisasartırma kursları akkreditasiya olunmadığına görə orta ixtisaslı tibb işçilərinin müvafiq kredit ballarının toplanılması imkanları məhdudur, lakin cari il ərzində ixtisasartırma kurslarının, həmçinin orta ixtisaslı tibb personalının davamlı peşəkar inkişaf yolu ilə kredit qazanmaq üçün müxtəlif təlim proqramlarında iştirak imkanları genişlənəcək.

Hansı hallarda sertifikasiya imtahanı vermək zəruridir?

Sertifikasiya Şəhadətnaməsinin etibarlılıq müddəti bitməyən tibb işçiləri hər il üzrə müvafiq miqdarda kredit balı toplamadıqda; Sertifikasiya imtahanından minimal keçid balını toplaya bilməyən şəxslər; Sertifikasiya Şəhadətnaməsinin etibarlılıq müddəti ərzində illərdən biri üzrə “0” kredit balı toplanıldıqda.

Mən 2014-cü ildə ATU-nun müalicə-işi fakültesini bitirmişəm. Məzun olduğumdan bəri Türkiyədə çalışmışam. Bu il Azərbaycana köçdüm və ixtisasım üzrə ixtisasartırma kursunda iştirak etdim (60 balım var). Yeni Qərara əsasən 50 bal Sertifikasiya üçün yetərlidir. Mən sertifikasiya imtahanında iştirak etməliyəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 344 saylı Qərarına əsasən 50 DPİ kredit balları Sertifikasiya Şəhadətnaməsinin etibarlılıq müddətməsinə bir il və daha az müddət qalmış tibb işçilərinə aiddir. Siz Sertifikasiya Şəhadətnamənizi imtahanda iştirak etməklə əldə etməlidsiniz.

Davamlı Peşəkar İnkişaf (DPİ) nədir?

DPİ - Azərbaycan Respublikasının  Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi pedaqoji və müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçirdiyi fəaliyyətidir.

Kredit balı toplamış tibb mütəxəssisləri sertifikasiya şəhadətnaməsi ilə necə təmin olunur?

DPİ üzrə bu kreditləri toplayan tibb mütəxəssislərinə sertifikasiya şəhadətnaməsi Mərkəz tərəfindən verilir. Şəhadətnamə 5 (beş) il müddətinə etibarlıdır. Tibb mütəxəssisləri şəhadətnaməni şəxsi kabinetləri vasitəsilə əldə edirlər.
Tibb mütəxəssisinin soyadı adı atasının adı dəyişdikdə şahadətnamənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə tibb mütəxəssisi şəhadətnamənin dəyişdirilməsi üçün elektron qaydada bu halın baş verdiyi və ya aşkar edildiyi gündən 1(bir) ay müddətində Mərkəzə müraciət etməlidir.

Davamlı Peşəkar İnkişafın məzmunu hansı prinsiplərə əsaslanmalıdır?

DPİ-nin məzmunu bilavasitə, tibb mütəxəssisinin ali və ya orta ixtisas tibb təhsili əsasında əldə etdiyi ixtisasa aid olmalıdır və sübutlu təbabətə əsaslanmalıdr. Həmçinin,  tibb mütəxəssislərinin ixtisasından  və həmin ixtisas üzrə praktik  fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq onların təlim ehtiyaclarının ödənilməsinə, o cümlədən əhalinin sağlamlığının qorunması sahəsində tibbi problemlərin  həllinə yönəlməlidir.

Mən imtahana hazırlaşmaq üçün DocTest tətbiqindən istifadə edirəm, lakin buradakı sualların əksəriyyəti köhnədir. Həmçinin suallar üzrə bəzi səhv cavablar düzgün olaraq qəbul edilir, sualım belədir ki, sertifikasiya test sualları yenilənirmi?

Hazırda sertifikasiya sual bazası yenilənməkdədir, bu yenilənmə qanunvericiliyə uyğun olaraq tədricən aparılır və hər il ümumilikdə 20% təşkil edir. Yenilənmə ilə yanaşı sual bazasında öz aktuallığını itirmiş bir sıra suallar çıxarılıb, lakin təəssüflə qeyd edilməlidir ki, hazırda tibb işçiləri əvvəlki illərdə istifadə edilmiş, bir çox hallarda isə hazırkı test bazasında mövcud olmaya suallar və ya bu suallar toplusu üzərində hazırlanmış tətbiqlərdən istifadə edilər. Təbii ki, tibb işçiləri bu tətbiqlərdə istifadə edilmiş və müasir təbabətdə öz aktuallığını itirmiş sualları gördükdə haqlı narazılıq yaranır. Sertifikasiya imtahanlarına hazırlaşmaq məqsədilə Sertifikasiya Şurasının saytında test nümunələri qeyd edilib, bu nümunələr ilk növbədə testlərin hazırlanması zamanı istifadə edilmiş ədəbiyyat göstərilir ki, burada əsas məqsəd tibb işçisinin bu ədəbiyyatı və ya klinik protokolu oxumağa sövq etməkdir.

Həmçinin tibb işçiləri sertifikasiya imtahanlarında onların fikrinə görə səhv tərtib edilmiş suallara rast gələrlərsə rahatlıqla müvafiq təsdiqedici istinad ədəbiyyatı təqdim etməklə apelyasiya müraciət edə bilərlər.

Sertifikasiya imtahanlarına hazırlıq məqsədilə sınaq imtahanları keçirilirmi?

Sertifikasiya Şurasının inzibati binasında həftənin 5-ci günləri saat 14.00-da bütün  ali və orta tibb ixtisasları  üzrə sınaq imtahanları keçirilir.

Sınaq imtahanına buraxılış vərəqəsini bilavasitə sınaq imtahanı günü H.Zərdabi küç.,86 (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin yaxınlığında)  əldə edə bilərsiniz.

Həkimin görmə qabiliyyəti zəif olduqda o, imtahanı necə keçməlidir?

Sertifikasiya imtahanlarında tibb işçiləri eynəklərində rahat şəkildə istifadə edə bilər. Eyni zamanda imtahan zalları böyüdücü şüşələrlə (lupa) də təchiz edilib, imtahan iştirakçıları imtahan nəzarətçilərinə müraciət edərək onlardan rahat şəkildə istifadə edə bilərlər.

Zəhmət olmasa sertifikasiyanın klinik tapşırıqlarını verərdiniz, tapa bilmirəm.

Sertifikasiya imtahanlarında istifadə olunan klinik tapşırıqlar tibb işçilərinin klinik təfəkkürünü müəyyən etmək, habelə tibb işçisinin praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən etmək məqsədi daşıyır. Klinik tapşırıq hissəsi üzrə sualların məzmunu test imtahanında verilən sualların məzmunundan və mövzularından fərqlənmir və eyni mənbələrə əsaslanır. Bu baxımdan imtahana hazırlıq zamanı qeyd edilmiş istinad ədəbiyyatını oxuyaraq hazırlaşma daha məqsədəuyğundur.

Mən sertifikasiya imtahanından keçmək istəyirəm, amma harada qeydiyyatdan keçməli olduğumu bilmirəm.

Siz aşağıdakı siyahıda qeyd edilmiş sənədləri Səhiyyə Nazirliyinin Sertifikasiya Şurasının inzibati binasına H.Zərdabi küç.,86 (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin yaxınlığında) təqdim edərək imtahana buraxılış əldə edə bilərsiniz.

  • şəxsiyyət vəsiqəsi;
  • ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və ixtisas şəhadətnaməsi;
  • əmək kitabçası və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti.

Sertifikasiya imtahanından 65 yaşdan sonra keçmək olur?

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşından asılı olmayaraq  Azərbaycan Respublikası ərazisində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər sertifikasiyadan keçməlidirlər.

Hazırda işsiz olan tibb mütəxəssisləri sertifikasiya imtahanında necə iştirak edə bilərlər?

Hazırda işsiz olan tibb işçiləri sertifikasiya imtahanlarında iştirak üçün aşağıdakı sənədləri təqdim etməklə imtahana buraxılışı Səhiyyə Nazirliyinin Sertifikasiya Şurasının inzibati binasından H.Zərdabi küç.,86 (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinin yaxınlığında) rahatlıqla əldə edə bilərlər.

  • şəxsiyyət vəsiqəsi;
  • ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və ixtisas şəhadətnaməsi;
  • əmək kitabçası və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti.

Mən poliklinikada çalışıram, hazırda hamiləyəm, mən sertifikasiya imtahanında iştirak etməliyəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasının 1.3-cü bəndinə əsasən “Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər”.

Ailə səbəblərinə görə sertifikasiya imtahanına lazımi qaydada hazırlaşmamışdım,  və  keçid balını toplaya bilməyərək birinci imtahandan kəsilmişəm.  Birinci kəsirdən sonra mən əməkhaqqımı ala biləcəm?

Azərbaycan  Respublikasının  Nazirlər Kabineti, Azərbaycan  Həmkarlar  İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)Təşkilatlarının  Milli Konfederasiyası arasında 2023-cü il 17 mart tarixli 87 nömrəli qərarla birinci dəfə sertifikasiyadan keçməyən işçilərin altı ay müddətində iş yeri saxlanmaqla,müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək,təkrar sertifikasiya olunanadək tarif maaşları saxlanılır.

Son yenilənmə tarixi : 2026-01-15 10:53
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.