“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ARQ-nin tələbinə əsasən plan üzrə və plandankənar yoxlamalar zamanı yoxlayıcılar tərəfindən özəl tibb müəssisələrinə dair sənədlər araşdırılır və aktlaşdırılır. Özəl tibb müəssisələrinin rəhbərləri tibb heyəti ilə əmək müqaviləsi bağlamalıdır, lakin yoxlamalar zamanı aydın olur ki, bəzi müəssisələr öz tibbi heyəti ilə əmək müqaviləsi bağlamadan əməkdaşlıq edir. Yoxlayıcılar tərəfindən müəssisənin tibbi personalına dair şəxsi işlər araşdırılır və əmək müqaviləsi bağlanılmış şəxslərin məlumatlarının Səhiyyə Nazirliyinin Tibb işçilərinin reyestrində mövcud olub olmadığı müəyyən edilir. Bu zaman bir neçə halla qarşılaşılır:
1. Müəssisənin tibb işçisi (həkim və ya tibb bacısı/qardaşı) müvafiq diploma və sertifikasiya şəhadətnaməsinə ümümiyyətlə, malik deyil. Tibb təhsili yoxdur;
2. Müəssiəsnin tibb işçisi müvafiq diploma malik olsa da, sertifikasiyadan keçməyib və ya sertifikasiya şəhadətnaməsinin müddəti bitib.
Əgər işçi ilə əmək müqaviləsi bağlanılmayıbsa, bu zaman tibb müəssisəsinə məxsus qeydiyyat sənədləri, pasiyentlərin şəxsi vərəqələrinə baxılır. Bildiririk ki, pasiyentə tətbiq edilmiş bütün müayinələr, analizlər, müalicə metodları və nəticələrinin qeydiyyatı aparılmalıdır. Bu baxış zamanı pasiyentin qeydiyyat sənədlərində müəssisənin işçisi kimi qeyd edilməyən, lakin sənədlərdə adı keçən şəxs aşkar edilərsə, müvafiq reyestr vasitəsilə araşdırılır.
Əlavə olaraq, vətəndaşların, dövlət orqanlarının və ya media subyektlərinin konkret tibbi fəaliyyətlə məşğul olan şəxs barəsində əsaslandırılmış müraciəti nəticəsində faktlar araşdırılır və aşkar edilir. İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmçinin İXM-in 215.4-cü maddəsinə əsasən Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.