Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” çərçivəsində Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib

Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan səhiyyə nazirliklərinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində Özbəkistan-Azərbaycan səhiyyə forumu keçirilib.
Forumda hər iki ölkənin səhiyyə nazirliklərinin, Özbəkistanın aidiyyəti dövlət qurumlarının, tibb təhsil ocaqlarının nümayəndələri, Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiri, alimlər, həkimlər iştirak ediblər. Forumun başlıca məqsədi hər iki ölkənin səhiyyə və tibb elmi sahəsində əldə olunan nailiyyətlər, tətbiq edilən innovasiyalar, səhiyyənin rəqəmsallaşdırılması, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərin müzakirəsi və iki ölkənin həkim mütəxəssisləri arasında təcrübə mübadiləsi aparmaqdır.
Forumdan əvvəl Özbəkistanın səhiyyə naziri və tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto sərgi və kitab kolleksiyası ilə tanış olublar.

Tədbirdə ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə film nümayiş etdirilib.

Forumun açılışında çıxış edən Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində iki ölkə arasında sıx tərəfdaşlığın olduğunu vurğulayıb.
“Bizim ölkələrimiz arasında münasibətlərin uğurlu davamı kimi Özbəkistanın paytaxtında türk dünyasının dahi oğlu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" keçirilib. Tədbir çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin həkim mütəxəssisləri özbəkistanlı həmkarları ilə birgə vətəndaşlar üçün mərhələli şəkildə yüksək texnoloji avadanlıqlar vasitəsilə 100-dən artıq cərahiyyə əməliyyatlar icra ediblər, müayinə və müalicələr aparıblar. Forum "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası"nın nəticələrinə yekun vuracaq və iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni müstəviyə qaldıracaq”, - deyə Özbəkistanın səhiyyə naziri qeyd edib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçirilən səhiyyə forumunun iştirakçılarını salamlayan Azərbaycanın Səhiyyə naziri Teymur Musayev bildirdi: “2023-cü il ölkəmizdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan iki böyük şəxsiyyətin - dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoyan görkəmli alim və həkim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın 100-illik yubileyinin keçirilməsi ilə əlamətdardır”.
Nazir həmçinin, 10 gün müddətində davam edən səhiyyə dekadasında gərgin zəhməti, yorulmaz qonaqpərvərliyi ilə qardaşlıq missiyasının təşkilinə verdiyi dəstəyə görə nazir Amrillo İnoyatova və Özbəkistan tibb ictimaiyyətinə təşəkkürünü ifadə edib.
Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı ölkəmizdə səhiyyənin də inkişafında misilsiz rolundan danışan nazir qeyd etdi: “Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Səhiyyənin normativ-hüquqi bazası təkmilləşib və dünya standartları səviyyəsinə çatdırılıb. Tibb ixtisaslı milli kadrların formalaşması, gənc kadrların bilik və təcrübələrinin artırılması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində mühüm işlər görülüb. Heydər Əliyevin şəxsi nüfuzu sayəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yaranıb, tərəfdaşlıq münasibətləri qurulub”.

Azərbaycan və Özbəkistanın Səhiyyə nazirlikləri arasında uğurlu əməkdaşlıq əlaqələri barədə danışan Teymur Musayev vurğuladı: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Daşkənd Həkimləri Təkmilləşmə İnstitutu, İxtisaslaşmış Göz Mikrocərrahiyyəsi Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycan Tibb Universiteti ilə Daşkənd Tibb Akademiyası, İbn Sina adına Buxara Dövlət Tibb İnstitutu arasında tibb elmi sahəsində əməkdaşlığı ehtiva edən Anlaşma Memorandumları imzalanıb”.
Əczaçılıq sahəsində əməkdaşlığımız inkişaf edir: “Özbəkistan şirkətlərinin istehsal etdiyi 37 adda dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatından keçib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb”- deyə nazir bildirib.
Qeyd edilib ki, 2023-cü ildə müxtəlif sektorlar üzrə əlaqələrin inkişafı dinamik xarakter alıb. Belə ki, bu ilin fevral ayında Daşkənddə birinci Azərbaycan-Özbəkistan Regionlararası Forum keçirilib, Şuşa-Xivə, Gəncə-Səmərqənd, Lənkəran-Buxara, Şəki-Kokand şəhərləri arasında qardaşlaşma haqqında sənədlər, Bakı və Daşkənd şəhərləri arasında əməkdaşlığa dair yol xəritəsi, Azərbaycan - Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Saziş qüvvəyə minib. Heydər Əliyev Fondunun dəstəyi ilə Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində Azərbaycanın Astara rayonunda keçirilən beynəlxalq konqresdə Özbəkistan nümayəndə heyəti iştirak edib.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin prioritetlərindən biri də məhz səhiyyə sahəsidir. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və iştirakı ilə Fond tərəfindən səhiyyənin inkişafı və tərəqqisi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib”- deyə Teymur Musayev bildirib.
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2023-cü il Azərbaycan üçün Konstitusiya ilə müəyyən olunmuş ərazi bütövlüyü ilə bağlı hüquqların bərqərar olduğu il kimi tarixə yazılıb. Azərbaycan silahlı qüvvələrinin həm 44 - günlük Vətən müharibəsi, həm də bu ilin sentyabr ayının 19-da baş tutan anti-terror tədbirləri zamanı qazandığı möhtəşəm zəfər hər bir vətəndaşı qürurlandırıb. İşğaldan azad edilən əzəli Azərbaycan torpaqlarında qardaş ölkələr bərpa - quruculuq işlərində fəal iştirak edirlər” - deyə nazir vurğulayıb.
Müdrik dövlət rəhbəri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev rəhbərliyi altında bu gün həyata keçirilən genişmiqyaslı islahatların əhalinin sağlamlığının qorunmasına yönəldiyini bildirən nazir qeyd etdi: “Bu yanaşmanın davamıdır ki, Ulu Öndərin 100 illik yubileyi çərçivəsində Azərbaycanın peşəkar həkimlər Özbəkistanda qardaşlıq missiyasını uğurla icra ediblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan bu tədbir xalqlarımız arasında olan qardaşlıq bağlarını daha da möhkəmləndirib. Xoşməramlı missiyanın davamı olaraq qardaş Özbəkistanın 50 həkim və 50 orta tibb işçisinin ixtisasartırma təlimlərində iştirak və təcrübə mübadiləsi aparmaq məqsədilə Azərbaycana səfərini təklif edirəm”.
Forumda çıxış edən, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş ölkələr arasında ikitərəfli münasibətlər və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri bu dostluğun bariz nümunəsidir.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov Fondun genişmiqyaslı fəaliyyəti, o cümlədən səhiyyənin inkişafı sahəsində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib.

Forumda Azərbaycan həkimlərinin adından çıxış edən Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri Prof. Ramiz Poluxov elmi və klinik təcrübələrdə yeni yanaşmalar, səhiyyə dekadası çərçivəsində birgə icra edilən cərrahiyyə əməliyyatları, aparılan müayinələr və praktiki tibbi təlimlərin nəticələri barədə məlumat verib.

Həmçinin, tədbirin digər iştirakçıları tərəfindən səhiyyə sektorunda transformasiyalar, klinik praktikada yeni diaqnostika və müalicə üsulları, ikitərəfli əməkdaşlığın perspektivləri mövzularında çıxışlar edilib.

Forumun sonunda Özbəkistan Respublikasında səhiyyənin inkişafında mühüm xidmətlər göstərən, "Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası" çərçivəsində cərrahiyə əməliyyatları, tibbi müayinə və müalicələr aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkim mütəxəssislərinin və tədbir təşkilatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.