Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Müasir dünyada ailəni necə qurmaq və qorumaq olar? - Səhiyyə Nazirliyi mütəxəssisindən praktiki tövsiyələr

Xoşbəxtlikdən, sağlam ailə – sadəcə arzu deyil, praktiki olaraq əldə edilə bilən hədəfdir. Ailənin sağlamlığın qorunmasında oynadığı mühüm roldan, sağlam vərdişlərin nəsildən-nəslə ötürülmə mexanizmlərindən, elmi əsaslı, eyni zamanda sadə və həyata keçirilə bilən addımlar barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli müsahibəni təqdim edirik. Müsahibədə valideynlərə, gənc ailələrə və bütün oxuculara real dəyər verəcək tövsiyələr – şəxsi nümunənin gücü, birgə yemək ənənəsi, ailəvi aktiv istirahət, ekran vaxtının idarə olunması, evdə mehriban və dəstəkləyici mühitin yaradılması kimi vacib mövzular ətrafında geniş müzakirə aparılır.

– Ailə sağlamlığımızın qorunmasında necə bir rol oynayır?

– Ailə cəmiyyətin ən kiçik, lakin ən vacib sosial institutlarından biridir. İnsan həyatının ilk illərindən başlayaraq onun fiziki, psixoloji və mənəvi inkişafında ailə mühüm rol oynayır. Məhz ailədə formalaşan dəyərlər, davranış qaydaları və həyat tərzi insanın sağlamlığının qorunmasına birbaşa təsir göstərir. İlk və ən vacib dəyərlər sevgi, hörmət və qarşılıqlı qayğıdır. Ailədə sevgi mühiti insanın emosional rahatlığını təmin edir, özünəinamı artırır və stressi azaldır. Qarşılıqlı hörmət isə ailə üzvləri arasında sağlam ünsiyyət yaradır.
İnformasiya texnologiyalarının həyatımıza dərindən nüfuz etməsi canlı ünsiyyəti azaldır. Xüsusilə uşaqların uzun müddət ekran qarşısında vaxt keçirməsi həm fiziki, həm də psixi sağlamlıq üçün risklər yaradır. Bu səbəbdən ailədə düzgün kommunikasiyanın bərpası və sağlam həyat tərzinin təşviqi çox vacibdir.
Bundan əlavə, uşaqlara sağlamlıqla bağlı məlumatlar onların yaşına uyğun, maraqlı şəkildə izah edilməlidir. Gündəlik rejimin (dərs, istirahət və yuxu balansı) təşkili uşaqda özünənəzarət və məsuliyyət hissini təbii şəkildə inkişaf etdirir.


– Sağlam həyat tərzinin ailədə “nəsildən-nəslə” ötürülən bir irsə çevrilməsi nə dərəcədə mümkündür?

– Sağlamlıq vərdişləri ailədə bir “mədəni irs” kimi formalaşmalıdır. Valideynlərin diqqətinə çatdırım ki, uşaqlarda sağlamlıqlarına qarşı məsuliyyət hissinin formalaşdırılmasında ən təsirli metod şəxsi nümunədir. Uşaqlar valideynlərinin dediklərindən çox, etdiklərini təkrarlayırlar. Məsələn, ailədə çox duzlu, yağlı, şəkərli qidalara üstünlük verilmirsə, deməli, uşaqlar böyüyəndən sonra və gələcəkdə öz ailələrində də belə qidalara meyl etməyəcəklər. Birgə yemək zamanı uşaqlar rasional qidalanma qaydalarını öyrənir və bu vərdişlər də onların gələcək həyat tərzinin əsasını təşkil edir. Ailə yeməkləri yalnız qidalanma ehtiyacını ödəmək üçün deyil, həm də ailə birliyinin möhkəmləndirilməsi, sağlam vərdişlərin formalaşdırılması və psixoloji sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Əgər uşaq böyüdüyü evdə idmanın, düzgün qidalanmanın və emosional dürüstlüyün bir yaşam tərzi olduğunu görürsə, o, bunu həyat norması kimi bilib, gələcəkdə qurduğu ailədə də bu modeli tətbiq edəcək. Beləliklə, biz sadəcə bir fərdi deyil, gələcək nəsilləri xroniki xəstəliklərdən və zərərli asılılıqlardan sığortalamış oluruq. Sağlamlıq ailədə bir məcburi qayda deyil, təbii bir dəyər kimi qəbul edildikdə onun təsiri qalıcı olur.


– Ailə sağlamlığının möhkəmləndirilməsi üçün başqa hansı sadə və praktiki yollar mövcuddur?

– Sağlamlıq böyük fədakarlıqlar deyil, kiçik və davamlı vərdişlər tələb edir. Məsələn, idmanla məşğul olmaq həm psixoloji, həm də fiziki sağlamlığımıza müsbət təsir göstərir. Bundan əlavə, ailəvi axşam gəzintiləri və ya həftəsonu təbiət qoynunda keçirilən aktiv oyunlar da sağlamlığımızın və ailədaxili münasibətlərimizin möhkəmlənməsinə kömək edir. Digər vacib vərdiş isə yuxu rejimidir. Orqanizmin bərpası üçün həm uşaqlara, həm də böyüklərə sabit yuxu saatları təyin edilməlidir. Eyni zamanda yaşayış mühitinin təmiz saxlanılması və əllərin yuyulması kimi sadə qaydaları da vərdiş halına salmaq bir çox infeksiyadan qorunmağın ən effektiv yoludur.
Bundan əlavə qeyd edim ki, çox vaxt sağlamlığın qorunması dedikdə yalnız qida və idmanı düşünürük, lakin yaşadığımız fiziki mühit də az əhəmiyyət kəsb etmir. Evdə yarada biləcəyimiz kiçik dəyişikliklər, yəni otağın havasının mütəmadi dəyişdirilməsi, təbii işıqlandırma və səs-küy səviyyəsinin aşağı olması birbaşa ailə üzvlərinin sinir sisteminə və yuxu keyfiyyətinə müsbət təsir edir. Sağlam ev mühiti orqanizmin dincəlməsi və bərpa olunması üçün əsas bazadır. Evdə bitkilərin olması və zərərli kimyəvi təmizləyicilərdən minimum istifadə edilməsi tənəffüs yolları xəstəliklərinin qarşısını alır.


– İctimai səhiyyə sistemi ailələrin sağlamlığının qorunmasına necə kömək edir?

– İctimai səhiyyə sistemi cəmiyyət üzvlərinin, xüsusilə ailələrin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu sistem insanların xəstəliklərdən qorunması, vaxtında tibbi xidmət alması və sağlam həyat tərzinin təşviqi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Peyvəndləmə proqramları, mütəmadi tibbi yoxlamalar və maarifləndirici tədbirlər ailə üzvlərinin sağlamlığının qorunmasına, xüsusilə uşaqların sağlam inkişafına şərait yaradır.
Ana və uşaq sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlər də xüsusi əhəmiyyət daşıyır. Hamilə qadınlara tibbi nəzarətin göstərilməsi, uşaqların mütəmadi müayinəsi və sağlam inkişafının izlənməsi ailələrin sağlamlığının möhkəmləndirilməsinə xidmət edir.
Mütəxəssislər valideynlərə övladlarının inkişaf mərhələləri barədə məlumat verir, peyvəndlərin əhəmiyyətini izah edir və yoluxucu xəstəliklərin qarşısının alınması üçün nəzarət mexanizmləri qururlar. Həmçinin, təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlər vasitəsilə uşaqlara erkən yaşdan şəxsi gigiyena, sağlam qidalanma və zərərli vərdişlərdən qorunma yolları öyrədilir. Bu, uşaqlarda ömür boyu davam edəcək sağlam davranış modellərinin təməlini qoyur.
Maarifləndirilmə eyni zamanda müasir interaktiv vasitələrlə də aparılır. Gənc nəslin sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı valideynlər, müəllimlər və uşaqlar üçün nəzərdə tutulan üç bölmədən ibarətdir. Bu portal və eyniadlı mobil tətbiq vasitəsilə istifadəçilərə müxtəlif mövzularda 700-ə yaxın məqalə, 500-dən çox maarifləndirici nəşr, video, oyun, infoqrafik material təqdim olunur.


– Bütün fikirlərimizi ümumiləşdirsək, ailədə doğma, mehriban və səmimi mühit yaratmaq üçün nələrə diqqət edilməlidir?

– Ailə daxilində sağlam mənəvi mühit yaratmaq, hər bir ailə üzvünün özünü psixoloji cəhətdən rahat və qorunmuş hiss etməsi üçün bir sıra vacib məsələlərə diqqət yetirilməlidir. İlk növbədə, ekran qarşısında keçən vaxt azaldılmalı, canlı ünsiyyətə üstünlük verilməlidir. Mehriban, anlayışlı və bir-birini dinləyən ailə üzvləri arasında stress səviyyəsi həmişə aşağı olur.
Ailədə düzgün qidalanma vərdişlərinin formalaşdırılması insan sağlamlığının qorunmasında əsas amillərdən biridir. Sağlam və balanslı qidalanma uşaqların normal inkişafını təmin edir, böyüklərin isə müxtəlif xəstəliklərdən qorunmasına kömək edir. Bununla yanaşı, ailədaxili birgə yemək ənənəsi həm fiziki, həm də psixoloji sağlamlığın mühafizəsində fundamental rol oynayır. Ailə üzvlərinin mütəmadi olaraq bir süfrə ətrafında toplanması sağlam qida davranışlarının mənimsənilməsinə, ailədaxili münasibətlərin möhkəmlənməsinə, uşaqların düzgün tərbiyə olunmasına müstəsna təsir göstərir. Digər tərəfdən, ailə süfrəsi ailə üzvləri arasında kommunikasiya bağlarını əhəmiyyətli dərəcədə gücləndirir. Gün ərzində baş verən hadisələrin bölüşülməsi, fikir mübadiləsi və qarşılıqlı diqqət ailədaxili münasibətlərin səmimiliyini artırır.
Eyni zamanda, ailələr profilaktik tibbi müayinələrin əhəmiyyətini diqqətdən kənarda qoymamalıdırlar. Vaxtında həkim müayinəsindən keçmək, uşaqların peyvəndlərini düzgün şəkildə etdirmək və sağlamlıqla bağlı kiçik problemləri gecikdirmədən həll etmək çox önəmlidir.
Yekun olaraq qeyd etmək lazımdır ki, ən vacib məsələ – söhbət boyu sadaladığımız bütün vərdişlərin davamlı xarakter almasıdır. Bu davamlılığın təmin olunması ailə strukturunun dayanıqlığını artırır və bütövlükdə sağlam cəmiyyətin formalaşmasına əhəmiyyətli töhfə verir.

Son yenilənmə tarixi : 2026-07-06 11:30
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.