“Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masada səhiyyə naziri çıxış edib

“Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masa baş tutub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixiatr və ekspertlər iştirak ediblər.
Ombudsman Səbinə Əliyeva dəyirmi masada açılış nitqi ilə çıxış edərək, əhalinin sağlamlığının qorunması hüququnun müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib, bu istiqamətdə problemlərin araşdırılması və həll olunması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində psixiatriya müəssisələrinə həyata keçirilən monitorinqlərdən danışan Müvəkkil bu cür monitorinqlərin mövcud problemlərlə əyani şəkildə tanış olmaq və preventiv tədbirlər görmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. S.Əliyeva bəzi psixiatriya xəstəxanalarında, xüsusilə regionlardakı müəssisələrdə olan bir sıra nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələrlə aidiyyəti qurumlara müraciət olunduğunu qeyd edib.
İkinci Qarabağ müharibəsinin iştirakçılarının postmüharibə dövründə psixiatrik yardımla təmin olunmasının önəmindən bəhs edən Ombudsman bu məsələnin diqqət mərkəzində olduğunu, təsisatın təşəbbüsü ilə bir qrup müharibə iştirakçısının müvafiq yardımla təmin edildiyini diqqətə çatdırıb.
Psixi sağlamlığın qorunması istiqamətində ölkəmizdə davamlı tədbirlərin həyata keçirildiyini bildirən S.Əliyeva vətəndaşların hüquqlarının qorunması baxımından müvafiq dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin, proqram və layihələrin Ombudsman təsisatı tərəfindən izlənildiyini və təhlil olunduğunu qeyd edib. Müvəkkil psixi sağlamlıq məsələlərinə cavabdeh olan qurumlar arasında bu sahədə koordinasiyalı əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, nazirlik tərəfindən respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. Nazirin sözlərinə görə, “psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılıb, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilib: "Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılıb".
Teymur Musayev tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılmasını təmin etməsi üçün məqsədyönümlü addımların görüldüyünü diqqətə çatdırıb: "Bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir".
Azərbaycan səhiyyə naziri Ombudsman Aparatının əməkdaşları tərəfindən psixiatriya müəssisələrinə mütəmadi ziyarətlər keçirildiyini, pasiyentlərin hüquqlarının təminatı vəziyyəti, saxlanma şəraiti və digər məsələlər yerində araşdırıldığını vurğulayıb: "Səhiyyə Nazirliyi olaraq Ombudsman Aparatı ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir və icrası qısa zamanda mümkün olan tövsiyələr dərhal yerinə yetirilir".
"Psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo-sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması gələcəyə yönəlik planlarımızdır", - deyə Teymur Musayev fikrini tamamlayıb.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov son vaxtlarda psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan şəxslərin əksəriyyətinin bu sahə üzrə təhsili olmadığını bildirib, bu sahəyə ciddi nəzarətin əhəmiyyətini vurğulayıb. Ə.Əmiraslanov, həmçinin ölkəmizdə həkimlərin və pasiyentlərin hüquqlarını qoruyacaq yeni qanun layihəsinin hazırlandığını da diqqətə çatdırıb.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, müasir dövrdə uşaqların virtual məkanda daha çox vaxt keçirmələrinin onların psixologiyasına ciddi təsir göstərdiyini qeyd edib. Komitə sədri əhali arasında sağlam həyat tərzinin təbliğinin, eyni zamanda, valideyn məsuliyyətinin artırılması ilə bağlı işin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı psixi xidmətlərə əlçatanlığın təmininin ölkəmiz üçün ən əhəmiyyətli məsələlərdən biri olduğunu, psixi sağlamlıq mövzusunda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli dövlət tibb müəssisələrində çalışan psixiatrların sayı ilə bağlı mövcud problemlərdən, kadr çatışmazlığından danışıb.
Tədbirdə digər çıxış edənlər tibbi xidmətə əlçatanlığın yüksəldilməsi üzrə işlərin görülməsi, həmçinin ölkədə psixi sağlamlığın təmini sahəsindəki mövcud problemlərin həlli istiqamətində təklif və tövsiyələrini bildiriblər.
Dəyirmi masada mövzu üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.