.:: AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN RƏSMİ SAYTI ::.
QAYNAR XƏTT: (99412) 565-12-64

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say

həddinin müəyyən edilməsi barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

         Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

 

1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

 

2. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

 

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay  müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

5. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 762; 2005-ci il, № 12, maddə 1102) qüvvədən düşmüş hesab edilsin.

 

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 25 may 2006-cı il

№ 413

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin saglamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

6. Nazirlik Bakı şəhərində yerləşir.

 

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

 

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

 

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

 

 8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

 

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

 

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

 

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

 

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək;

 

8.6. ölkə ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli yeyinti məhsulları və istehlak mallarının idxalından sanitariya mühafizəsini təmin etmək;

 

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

 

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

 

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

 

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

 

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

 

8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

 

8.13. tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək, strukturuna daxil olan qurumları ixtisaslı kadrlarla təmin etmək;

 

8.14. ölkə ərazisinə yoluxucu xəstəliklərin gətirilməsinin və həmin xəstəliklərin ölkə ərazisində yayılmasının qarşısını almaq;

 

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

 

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

 

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

 

8.18. strukturuna daxil olan qurumlarda çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

 

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

 

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

 

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

 

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

 

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

 

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

 

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

 

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;

 

8.28. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. NAZİRLİYİN HÜQUQLARI

 

 

 9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

 

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

 

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlillik və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;

 

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər uşaq müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;

 

9.4. ölkə üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

 

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

 

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

 

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını istiqamətləndirmək;

 

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin tədris müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;

 

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

 

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

 

9.11. öz səlahiyyətləri daxilində tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə, tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;

 

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

 

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, “Əməkdar həkim” fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

 

9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;

 

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

 

9.17. strukturuna daxil olan qurumların əmr və sərəncamlarını ləğv etmək, strukturuna daxil olmayan təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;

 

9.18. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

 

9.19. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

 

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

 

9.22. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

 

9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

 

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

 

9.25. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

 

9.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan yerli və digər qurumları, habelə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

 

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

 

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

 

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

14. Nazir:

 

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

 

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların əsasnamələrini təsdiq edir;

 

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

 

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

 

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

 

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

 

14.7. Nazirliyi təmsil edir.

 

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

 

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

 

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

 

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

 

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

 

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

 

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

 

22. Müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-tibbi şura yaradıla bilər. Elmi-tibbi şura haqqında əsasnamə nazir tərəfindən təsdiq edilir.

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin

 

STRUKTURU

 

     1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatı

 

     2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil

olan qurumlar:

 

Bakı Şəhər Baş Səhiyyə İdarəsi

 

Gəncə Şəhər Səhiyyə İdarəsi

 

Sumqayıt Şəhər Səhiyyə şöbəsi

 

    Tibbi tədris müəssisələri

 

 Azərbaycan Dövlət Tibb Universiteti

 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

 

Orta Tibb İşçilərinin İxtisasartırma və Təkmilləşdirmə Tibb Məktəbi

 

1 saylı Bakı Tibb Məktəbi

 

2 saylı Bakı Baza Tibb Məktəbi

 

Sumqayıt Tibb Məktəbi

 

Gəncə Tibb Məktəbi

 

Mingəçevir Tibb Məktəbi

 

Şəki Tibb Məktəbi

 

 Lənkəran Tibb Məktəbi

 

 Naxçıvan Tibb Məktəbi

 

Orta Tibb Təhsili üzrə Metodik Kabinet

 

    Elmi tədqiqat institutları və mərkəzləri

 

 ET Tibbi Profilaktika İnstitutu

 

ET Göz Xəstəlikləri İnstitutu

 

ET Hematologiya və Transfiziologiya İnstitutu

 

ET Ağ ciyər Xəstəlikləri İnstitutu

 

ET Mamalıq və Ginekologiya İnstitutu

 

ET Pediatriya İnstitutu

 

ET Kardiologiya İnstitutu

 

ET Tibbi Bərpa İnstitutu

 

ET Travmatologiya və Ortopediya İnstitutu

 

ET Klinik Təbabət İnstitutu

 

Milli Onkoloji Mərkəz

 

Elmi Artroloji Mərkəz

 

 Tibbi mərkəzlər və birliklər

 

 Respublika Diaqnostika Mərkəzi

 

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

 

Respublika Ailə Sağlamlıq Mərkəzi

 

Respublika Stomatoloji Mərkəzi

 

Respublika Uşaq Stomatoloji Mərkəzi

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

 

Respublika Xalq Təbabəti Mərkəzi

 

Mərkəzi Nəzarət Laboratoriyası

 

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi

 

İnformatika və Statistika İdarəsi

 

 Stasionar müəssisələr

 

 

Respublika Klinik Xəstəxanası

 

Respublika Uşaq Xəstəxanası

 

Respublika Müharibə və Əmək Veteranları Xəstəxanası

 

Respublika Klinik Uroloji Xəstəxanası

 

Respublika Doğum Evi

 

Mərkəzi Klinik Xəstəxana

 

Rayon (şəhər) mərkəzi xəstəxanaları

 

“Azərsutikinti” Xəstəxanası

 

Travmatologiya və Ortopediya Klinik Xəstəxanası

 

Psixiatriya Xəstəxanası

 

Kliniki Tibbi Mərkəz

 

Klinik xəstəxanalar

 

Klinik uşaq xəstəxanaları

 

Klinik psixiatriya xəstəxanaları

 

Uşaq yoluxucu klinik xəstəxanaları

 

Rayon (şəhər) xəstəxanaları

 

 Kənd sahə xəstəxanaları

 

Birləşmiş şəhər xəstəxanaları

 

Birləşmiş şəhər uşaq xəstəxanaları

 

Şəhər (rayon) oftalmoloji xəstəxanaları

 

Uşaq Nevroloji Xəstəxanası

 

Təcili tibbi yardım xəstəxanaları

 

Tibbi bərpa xəstəxanaları

 

Reabilitasiya Xəstəxanası

 

Naxçıvan MR Fizioterapiya Xəstəxanası

 

Cüzam Xəstəxanası

 

Şəhər (rayon) doğum evləri

 

Uşaq Vərəm Xəstəxanası

 

Zöhrəvi Xəstəxana

 

Neyrocərrahlıq Xəstəxanası

 

 Dispanserlər

 

Respublika Dəri-Zöhrəvi Dispanseri

 

Dəri-zöhrəvi dispanserləri

 

Uşaq Dəri-Zöhrəvi Dispanseri

 

Vərəm əleyhinə dispanserlər

 

Onkoloji dispanserlər

 

Respublika Narkoloji Dispanseri

 

Narkoloji dispanserlər

 

Respublika Endokrinoloji Mərkəzi

 

Endokrinoloji dispanserlər

 

Psixonevroloji dispanserlər

 

Uşaq psixonevroloji dispanserləri

 

Kardioloji dispanserlər

 

 Ambulator-poliklinika müəssisələri

 

Poliklinikalar

 

Uşaq poliklinikaları

 

Stomatoloji poliklinikalar

 

Uşaq stomatoloji poliklinikaları

 

Qadın məsləhətxanaları

 

Tibbi-sanitar hissələr

 

Ambulatoriyalar

 

Feldşer-mama məntəqələri

 

Sağlamlıq mərkəzləri

 

Yazıçılar Poliklinikası

 

Ailə Planlaşdırılması Poliklinikası

 

Respublika Təsərrüfat Hesablı Poliklinikası

 

Kosmetoloji Müalicəxana

 

“Sağlamlıq zonası” Poliklinikası

 

Tələbə poliklinikaları

 

Reproduktiv sağlamlıq mərkəzləri

 

Rayon (şəhər) mərkəzi poliklinikaları

 

 Sanitariya-epidemioloji xidmət müəssisələri

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

 

 Şəhər (rayon), eləcə də Su nəqliyyatında gigiyena və epidemiologiya mərkəzləri

 

Respublika Taun Əleyhinə Stansiyası

 

Rayonlararası Taun Əleyhinə şöbələr

 

Respublika Sanitariya-Karantin Müfəttişliyi

 

Profilaktik dezinfeksiya şöbələri

 

Dezinfeksiya stansiyaları

 

Təcili yardım müəssisələri

 

 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası

 

Şəhər (rayon) Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyaları

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtobazası

 

Təcili və Təxirəsalınmaz yardım stansiyaları

 

 Əczaçılıq idarə və müəssisələri

 

 

İnnovasiya və Təchizat Mərkəzi

 

Bakı Şəhər Apteklər İdarəsi

 

Bakı Şəhər Apteklər İdarəsinin aptek anbarı

 

Sumqayıt Mərkəzi Aptek Bazası

 

Rayonlararası aptek anbarları

 

Tibbi Texnikanın Təmiri və Quraşdırma Baza Zavodu

 

Apteklər

 

Əczaçılıq və Tibb Sənayesi Birliyi

 

Xüsusi Tibbi Təchizat Bazası

 

 Sanatoriyalar

 

 

Vərəm Əleyhinə sanatoriyalar

 

Uşaq vərəm sanatoriyaları

 

Respublika Uşaq Sümük-Vərəm Sanatoriyası

 

Uşaq qastroenteroloji sanatoriyası

 

Uşaq kardio-revmatoloji sanatoriyaları

 

Uşaq psixo-nevroloji sanatoriyaları

 

Uşaq kardioloji sanatoriyası

 

Uşaq uroloji sanatoriyası

 

Respublika uşaq sanatoriyası

 

“Mərdəkan” sanatoriyası

 

“Zuğulba” sanatoriyası

 

“Qalaaltı” sanatoriyası

 

“Şuşa” uşaq sanatoriyası

 

Körpələr evi

 

Qan bankları

 

Elmi-Tibbi Kitabxana

 

Azərbaycan Təbabəti Muzeyi

 

“Azərbaycan Tibb Jurnalı”

 

“Şəfqət” qəzeti        

Çap versiyası | Baxılıb 3134
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Siz xəstələnəndə nə edirsiniz?
Tibb müəssisəsinə müraciət edirəm
Tanış həkimə müraciət edirəm
Özüm müalicə oluram
Xəstəliyə fikir vermirəm