Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rəhbərlik (nazir, müavinlər)

Şirəliyev Oqtay Kazım oğlu

 

1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1967-1973-ci illər N.Nərimanov  adına Azərbaycan Dövlət Tibb  Institutunu  “müalicə işi” ixtisası üzrə bitirmişdir.

1974-cü ildə Bakı şəhəri  AR Daxili İşlər Nazirliyinin Hospitalında  cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə  1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir. 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə AR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur. 1988-ci  ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının  qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi  adı almışdır.

Eyni zamanda 1991-2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.

2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin olunmuşdur.

2005-2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007-2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir. 2009-2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.

100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür

 

  

 

Əliyeva Nigar Ramiz qızı

 

1969-cu ildə Bakı şəhərində anadan olub.

1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil almışdır.

1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə işi” fakültəsinə qəbul olunmuş və 1992-ci ildə bitirmişdir.

1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçmişdir.

1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlamış və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışmışdır.

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilmişdir.

2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçmişdir.

2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilmişdir. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

 

Ağayev Elsevər Məmməd oğlu

 

1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub.

1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1988-ci ildə institutun dərman formalarının texnologiyası kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ildə Səhiyyə Nazirliyinin “Farmokologiya və xalq təbabəti” elm - istehsalat birliyində mütəxəssis, 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləmişdir. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunmuşdur.

1997-cü ildə Səhiyyə Nazirliyinin “Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin “Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin olunmuşdur.

1999-cu ildən il AR Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 

2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. 

SN-nin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. 

2013-cü ildə Tərəqqi medalı ilə təltif edilmişdir. 

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavinidir.

 

 

Əliyev Rahim Rafail oğlu

 

29.05.1982-ci ildə Bakı şəhərində anadan olub.

1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin II Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2005-2006-cı illər ərzində Kliniki Tibbi Mərkəzin Sinir-damar xəstəlikləri şöbəsində Nevrologiya ixtisası üzrə internaturanı keçib.

2007-2012-ci illər ərzində Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin Diaqnostika şöbəsində həkim-nevropatoloq vəzifəsində çalışıb.

2012-2015-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofiziologiya kafedrasında baş laborant, 2015-2018-ci illərdə həmin institutun rezidentura şöbəsinin müdiri vəzifəsində çalışıb. 2015-ci ildən kafedranın assistenti vəzifəsində çalışır.

2012-2018-ci illərdə Dağınıq skleroz üzrə Dövlət proqramının komissiyasının üzvü olub.

2016-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasında konsultant nevropatoloq kimi fəaliyyət göstərib.

2018-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini vəzifəsində çalışır.

2007-2017-ci illərdə bir sıra təşkilatların təşəbbüsü ilə Ukrayna, Çexiya, Avstriya, Belarusiya və Almaniyanın ali tibb ocaqlarında təcrübə kursları keçib.

Azərbaycanda və xaricdə bir sıra beynəlxalq konfrans və seminarlarda çıxışlar edib, bir sıra beynəlxalq tibbi konfrans və təlim kurslarının təşkilati komitəsinin üzvü olub.

2013-cü ildə tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib. 80-ə qədər elmi məqalənin, bir metodik tövsiyənin, bir klinik protokolun və bir tədris vəsaitinin müəllifidir.

2011-ci ildən Milli Nevrologiya Jurnalının təsisçisi və məsul katibidir.

2012-ci ildən Nevroloqların Milli Assosiasiyasının təsisçisi və məsul katibidir.

2015-ci ildən “Tibb və Elm” Əziz Əliyev adına elmi-praktik jurnalın Redaksiya şurasının üzvüdür.

2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının, Dünya insult təşkilatının və Avropa insult təşkilatının təşəbbüsü ilə yaradılan Avropa ölkələrində insultlu xəstələrə yardımın təkmilləşdirilməsi proqramının (ESO-EAST) Azərbaycan üzrə icraedici komitəsinin sədr müavinidir.

Ailəlidir, iki övladı var.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..